• Xəbərlər
  • Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda çıxış edib
Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda çıxış edib
2021-06-02

Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş beynəlxalq elmi konfransda çıxış edib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti, Amerika Kliniki Onkologiya Cəmiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə mayın 21-də Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş “Bədxassəli şişlərin diaqnostikası və müalicəsinə müasir yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Heydər Əliyev Mərkəzində karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilən konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılması və 80 il ərzində keçdiyi tarixi yol haqqında konfrans iştirakçılarına məlumat verib. C.Əliyev bildirib ki, ölkəmizdə onkoloji xidmətin fəaliyyətinin yüksək səviyyəyə çatması, səmərəliliyinin dinamik şəkildə artması və ən müasir standartlara cavab verməsi, bu sahədə çalışan insanların gərgin əməyinin və dövlətimizin daimi qayğısı və diqqəti nəticəsində mümkün olub. Onkoloji xidmətin flaqmanı olan Milli Onkologiya Mərkəzinin nanotexnologiyalarla təchiz olunmuş müayinə və müalicə strukturlarının, poliklinika və cərrahiyyə korpuslarının, Uşaq Onkoloji Klinikasının tikilib istifadəyə verilməsində ölkə Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və əməyi var.

 

Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikultiralizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu səsləndirərək, konfransın işinə uğurlar arzulayıb. Təbrik məktubunda xüsusi olaraq vurğulanıb ki, dünyada məşhur olan bir çox alim və mütəxəssisin qatıldığı, onkologiya üzrə bu mötəbər beynəlxalq elmi konfransın ölkəmizdə keçirilməsi, Azərbaycanın onkoloji xəstəliklərə qarşı mübarizədə daim artan nüfuzunun bariz göstəricisidir.

 

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev isə öz növbəsində 20 ilə yaxın müddətdə ölkədə səhiyyə müəssisələrinin maddi-texniki bazası əsaslı surətdə yeniləndiyini qeyd edib. “Səhiyyə müəssisələri üçün yeni binalar ucaldılıb, həmçinin kadr potensialı gücləndirilib. Ümumilikdə ölkədə əhalinin sağlamlığı prioritetdir”.

 

Tədbirin davamında Azərbaycanda onkologiyanın inkişaf tarixindən, müasir onkologiyanın əldə etdiyi nailiyyətlərdən söz açılıb, Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri Soltan Məmmədov, İngiltərənin Oksford Universitetinin professoru Devid Kerr, ABŞ-nin Vaşinqton Universitetinin professoru, Amerika Kliniki Onkologiya Cəmiyyətinin icraçı vitse-prezidenti professor Culi Qralou, Türkiyənin Hacettepe Universitetinin professoru Suayib Yalçının ölkə onkoloqlarını yubiley münasibətilə təbrik çıxışları dinlənilib.

 

Konfrans öz işini Milli Onkologiya Mərkəzinin aparıcı mütəxəssisləri, həmçinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Qərbi Virciniya Universitetlərinin, Filadelfiyanın Fox Chase Xərçəng Mərkəzinin, Veill Cornell Tibb Universitetinin, Böyük Britaniyanın Oksford Universitetinin, İtaliyanın Genoa Universitetinin, Türkiyənin Hacettepe Universitetinin professor və aparıcı mütəxəssislərinin Azərbaycanda onkologiyanın inkişafı, bədxassəli şişlərin müasir diaqnostikası və müalicəsi üzrə müxtəlif mövzularda məruzələri ilə davam etdirib. Konfransda onkoloji xəstəliklərin ənənəvi müalicə metodlarına müxtəlif yanaşma konsepsiyaları ilə yanaşı, müasir diaqnostika və müalicə metodlarının müzakirələri böyük maraq doğurub. Onkologiyanın əsas istiqamətləri üzrə seksiyalarla işini davam etdirən konfransın “Bədxassəli şişlərin müalicəsi” bölümü Milli Onkologiya Mərkəzinin əməkdaşları Leylaxanım Məlikova, Elxan Kazımov, Samir Qurbanovun ABŞ və İtaliyadan olan həmkarları Mattro Lambertini və Aşis Saksena ilə apardıqları təcrübə mübadiləsi, elmi diskussiya xarakterli çıxışları ilə yadda qaldı.

 

Kolorektal xərçəng problemləri ilə bağlı Amerika Kliniki Onkologiya Cəmiyyəti ilə birgə keçirilən dinləmələrdə professor Devid Kerrin “Kolorektal xərçəngdə biomarkerlərin yolu”, professor Suayib Yalçının” Erkən mərhələdə kolorektal xərçəngin dərman müalicəsi”, ABŞ-nin Fox Chase Xərçəng Mərkəzinin professoru Elin Sigurdsonun “Kolorektal xərçəngin cərrahi müalicəsi”, Qərbi Virciniya Universiteti Xərçəng İnstitutunun professoru Riçard Qoldberqin “Metastatik kolorektalxərçəngin müalicəsi” mövzusunda çıxışları da alim və mütəxəssislərin xeyli marağına səbəb oldu.

Tövsiyyə edirik